Şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirində mübarizəyə başlayıblar.
Məmmədyarov I turda norveçli Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz 28-ci gedişdə heç-heçəyə razılaşıb. Lakin ikinci görüşdə Şəhriyar uğurla çıxış edib. O, 36-cı gedişdə Aryan Tarini təslim olmağa məcbur edib. Teymur Rəcəbov isə amerikalı Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla Rəcəbov rəqibi ilə bacarbayıb.
Bu gün keçiriləcək ikinci turda Məmmədyarov fransalı Maksim Vaşye Laqravla, Rəcəbov isə Aryan Tari ilə üz-üzə gələcək. Turnirə iyunun 10-da yekun vurulacaq. Bu arada Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Şəhriyar Məmmədyarov 2 751 xalla 7 pillə geriləyərək, 14-cü sırada qərarlaşıb. 2 753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla əvvəlkitək siyahıya başçılıq edir.