Bakıda atıcılıq üzrə dünya kuboku davam edir. “İdman TV”də canlı yayımlanan yarışda daha 4 növdə qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

Bakı atıcılıq mərkəzində keçirilən və “İdman TV”də canlı yayımlanan yarışda əvvəlcə qarışıq komandaların 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma turniri olub. Koreyanın 2-ci komandası Serbiya 1-i 16:10 hesabilə məğlubiyyətə uğradaraq qızıl medala yiyələnib. Serbiyalılar gümüş medalla kifayətlənib. Koreya 1 və Polşa 2 kollektivləri isə bürünc medala sahib olub.

Qarışıq komandaların 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında da qalib və mükafatçılar məlum olub. Yunanıstan seçməsi qızıl, Ukrayna 2 komandası gümüş, Serbiya və Türkiyə 1 kollektivləri isə bürünc medallara yiyələniblər.

Stend atıcılığının səngər növündə də finallar olub. Kişilərin turnirində çexiyalı Liptak Jiri, qadınlar arasında isə Noora Antikaynen qızıl medal qazanıb. İyunun 6-dək davam edəcək dünya kuboku “İdman TV”də canlı yayımlanır.