Formula 1 üzrə mövsümün 7-ci Qran-prisi başa çatıb.

Monakoda keçirilən yarışda azarkeşlər maraqlı mübarizənin şahidi olub. Təsnifat mərhələsinin qalibi olan “Ferrari” pilotu Şarl Lekler 21-ci dövrədə pit-stopa girdikdən sonra üstünlüyü əldən verib. Nəticə, Şarl doğma publika qarşısında uğursuz çıxış edərək yarışı 4-cü sırada başa vurub. Qran-prinin qalibi isə Serxio Peres olub. Meksikalı pilot 64 dövrəni 1 saat 56 dəqiqə 30 saniyəyə qət edərək bu mövsüm ilk dəfə finiş xəttini birinci keçib. Ondan 1 saniyə geri qalan “Ferrari” sürücüsü Karlos Sayns yarışı ikinci sırada başa vurub. Son 3 yarışın qalibi olan Maks Ferstappen isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə Qran-prini 8-ci yerdə tamamlayıb. Onun “Mersedes”dəki komanda yoldaşı Corc Rassell isə 5-ci yeri tutaraq nisbətən qənaətbəxş nəticə ilə yadda qalıb. Yeri gəlmişkən, “Haas” pilotları Kevin Maqnussenlə Mik Şumaxer və “Uilyams”ı təmsil edən Aleksandr Elbon yarışı tamamlaya bilməyib.

Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen 125 xalla liderliyini möhkəmlədib. Ondan 9 xal geridə qalan Şarl Lekler 2-ci, 110 xal yığan Serxio Peres 3-cüdür. Mühəndislər Kubokuna isə 235 xalla “Red Bull” başçılıq edir. “Ferrari” 199 xalla 2-ci, “Mersedes” isə 134 xalla 3-cü yeri tutub. Növbəti yarış iyunun 12-də Bakıda keçiriləcək.