Finlandiyada xokkey üzrə dünya çempionatının ¼ final mərhələsi başa çatıb.

Günün mərkəzi oyununda İsveç millisi Kanada yığması ilə qarşılaşıb. Oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, skandinaviyalılar üstünlüyünü qoruya bilməyib. 3-cü periodda ardıcıl 3 dəfə fərqlənən şimali amerikalılar əlavə vaxtda daha bir qol vuraraq yarımfinala vəsiqə qazanıb: İsveç – Kanada 3:4.  Hazırkı olimpiya çempionu Finlandiya seçməsi də Slovakiya komandası ilə oyunda əzmkarlıq nümayiş etdirib. Artıq 15-ci dəqiqədə 2 şayba fərqi ilə geridə olmasına baxmayaraq “Suomi” 4 qol vuraraq növbəti mərhələyə yüksəlib: Finlandiya – Slovakiya 4:2. Dünya çempionatında İsveçrə möcüzəsi də artıq başa çatıb. A qrupunda keçiridiyi bütün görüşlərdə qalib gələn komanda Amerika Birləşmiş Ştatları yığması ilə oyunda 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Çexiya seçməsi də Almaniya komandasını 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə çıxıb. Beləliklə mayın 28-də keçiriləcək yarımfinal mərhələsində azarkeşlər Çexiya – Kanada və Finlandiya – Amerika Birləşmiş Ştatları görüşlərini izləyəcək.