Argentinada əfsanəvi futbolçu Dieqo Armando Maradonanın xatirəsinə həsr olunan təyyərənin təqdimat mərasimi keçirilib. Fintek şirkəti tərəfindən ərsəyə gətirilən hava gəmisinin gövdəsində ulduz futbolçunun Dünya kubokunu öpərkən çəkilən şəkli təsvir olunub.  Qanadlarda 1986-cı il mundialında Maradonanın İngiltərə millisinə vurduğu qolların təsviri var. Bu  təyyarə ilə hələlik Argentina ətrafında səyahət etmək mümkündür. Hərəkətli muzey Noyabrda Qətərdə keçiriləcək Dünya çempionatında azarkeşlərin ixtiyarında olacaq. Gələcəkdə isə hava gəmisinin xeyriyyə məqsədilə hərraca çıxarılacağı bildirilir. 

Əfsanəvi futbolçunun qızı Dalma Maradona ideya haqqında bunları deyib: “Bu, möhtəşəm ideyadır. Daha əvvəl də atamın xatirəsi Dünyanın müxtəlif məkanlarında əbədiləşdirilmişdi. Belə təşəbbüslər Maradonanın azarkeşləri üçün çox dəyərlidir. Təyyarəni mavi səmalara yüksəltməklə bir növ atamın xatirəsini nə qədər uca tutduğumuzu göstərəcəyik. O, daim bizim qəlbimizdə yaşayacaq".

Azarkeşlər təyyarənin pilot kabinəsində ulduz futbolçuya ürək sözlərini yaza, süni intellekt vasitəsilə onunla əlaqə yarada, eləcə də şəxsi əşyalarını izləyə biləcəklər.