Libertadores Kubokunda qrup mərhələsinə yekun vurulub.

C qrupunda Argentinanın “Velez Sarsfild” klubu “Estudiantes” komandasını qəbul edib. İlk yarıda Lukas Canson dubl edərək meydan sahiblərini önə keçirib. 73-cü dəqiqədə Lukas Prato 3-cü topu qonaqların qapısından keçirib. Oyunun sonlarında Abiyel Osorio yekun nəticəni müəyyənləşdirib: “Velez Sarsfild” – “Estudiantes” 4:0. “Estudiantes” 13 xalla lider, “Velez Sarsfild” isə qrup 2-cisi kimi 1/8 finala adlayıb. C qrupunun 3-cüsü, Uruqvayın “Nasional” komandası Sudamerikana çempionatının pley-ofunda mübarizə aparacaq.

A qrupunda yarışan Braziliyanın “Palmeyras” kollektivi isə Venesuelanın “Deportivo Taşira” komandası ilə qarşılaşıb. Meydan sahiblərindən Qustavo Skarpanın het-trik etdiyi görüşdə  Roni 1 dəqiq zərbə ilə yadda qalıb. Qonaqlardan isə ancaq Jean Qutiyerez fərqlənməyə nail olub: “Palmeyras” – “Deportivo Taşira” 4:1. Beləliklə, “Palmeyras” 18, “Emelek” isə 8 xalla Libertadores kuboku uğrunda yarışda 1/8 final mərhələsinə yüksəlib. 7 xalı olan “Deportivo Taşira” isə mübarizəni Sudamerikana kubokunun 1/8 finalında davam etdirəcək.