İlk dəfə təşkil olunan UEFA Konfrans Liqasında mövsümə bu gün yekun vurulacaq.
Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək final oyununda İtaliyanın “Roma” klubu Niderland təmsilçisi “Feyenoord”la üz-üzə gələcək. Rotterdam klubu 20 ildən sonra yenidən avrokubokda titul qazanmaq imkanı əldə edib. Feyenoord sonuncu dəfə 2002-ci ildə doğma arenada keçirilən həlledici matçda Dortmund “Borussiya”sına qalib gələrək UEFA kubokunu əldə etmişdi. “Roma” isə 31 ildən sonra avrokuboklarda final həyəcanı yaşayacaq. Paytaxt klubu 1991-ci ildə UEFA Kubokunun həllledici görüşlərində “İnter”ə uduzmuşdu. Həmin vaxt final 2 oyundan ibarət idi və ilk qarşılaşmada 0:2 hesabı ilə uduzan “Roma” cavab matçında minimal hesabla qələbə qazansa da, bu yetərli deyildi. Ümumiyyətlə isə komanda 14 ildən sonra yenidən titul əldə edə bilər. Finalda “Roma” qələbə qazanarsa, komandanın baş məşqçisi Joze Mourinyo da tarixə düşəcək. Belə ki, daha əvvəl UEFA Kuboku və Çempionlar Liqası kubokunu başı üzərinə qaldıran portuqaliyalı mütəxəssis, Avropanın əsas 3 klub turnirindən titul əldə edən ilk məşqçi olacaq. Vaxtilə özünü “Special one”, yəni xüsusi biri adlandıran məşqçi mətbuat konfransında bu haqda da danıışıb: “Qalib gələrsək, avrokubokların tarixinə düşəcəm. Amma artıq özümü xüsusi biri adlandırmazdım. Bu keçmişdə olan bir hadisədir. Onda karyeramın əvvəlində idim. Amma karyeramda sabitlik əldə etdikcə və uğurlar qazandıqca artıq insan özündən çox ətrafındakılar haqqında düşünməyə başlayır. Mən möcüzələrə inanmıram. Əgər mövsümün sonunda finalda oynayırıqsa deməli işimizi uğurla yerinə yetirmişik. Amma bu bir nəfərin deyil, bütün komandanın əməyidir. Final qarşılaşmasının necə yekunlaşmasından asılı olmayaraq, artıq bu mövsümü uğurlu sayıram"
Qeyd edək ki, “Roma” – “Feyenoord” final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qarşılaşmanı rumıniyalı İştvan Kovaç-ın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.