Finlandiyada xokkey üzrə dünya çempionatında qrup mərhələsi sona yaxınlaşır. A qrupunda 6-cı turun son oyunlarında gözlənilməz nəticələr qeydə alınıb. Ötən qarşılaşmada İsveçrə millisinə 3:6 hesabı ilə məğlub olan hazırkı dünya çempionu Kanada yığması növbəti dəfə də azarkeşlərini məyus edib. Şimali amerikalılar Danimarka seçməsi qarşısında aciz qalıb. Skandinaviya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. Bununla da Danimarka komandası tarixində ilk dəfə Kanada seçməsindən üstün olub. Məğlubiyyətə baxmayaraq, kanadalılar pley-offa vəsiqəni təmin edib.
Qrupun digər oyununda isə İtaliya millisinə 5:2 hesabı ilə qalib gələn Qazaxıstan yığması elitada mövqeyini qoruyub. İtaliya seçməsi isə növbəti mövsüm B divizionunda mübarizə aparacaq. Qrupda vəziyyətə gəlincə, keçirdiyi bütün görüşlərdə qalib gələn İsveçrə millisi 18 xalla liderdir. 15 xal toplayan Almaniya yığması 2-ci yerdədir.
B qrupunda isə Çexiya komandası Amerika Birləşmiş Ştatları xokkeyçiləri ilə görüşdə minimal hesablı qələbə qazanıb. Bu nəticə ilə çexlər pley-offa adlayıb. Digər görüşdə Avstriya millisi Böyük Britaniya seçməsini 5:3 hesabı ilə məğlub edərək ¼ finala yüksəlmə imkanını saxlayıb. Bu qrupa 16 xalla Finlandiya komandası başçılıq edir. Ondan 1 xal az toplayan İsveç yığması 2-cidir.