Formula 1 üzrə İspaniya Qran-prisi geridə qalıb. Barselonada keçirilən mövsümün 6-cı yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olub. Təsnifat mərhələsinin qalibi olan “Ferrari” pilotu Şarl Lekler 27-ci dövrədə mübarizəni dayandırınca hazırkı dünya çempionu Maks Ferstappen bundan yararlanmağı bacarıb. “Red Bull” pilotu 66 dövrəni 1 saat 37 dəqiqə 20 saniyəyə qət edərək ardıcıl 3-cü, ümumilikdə isə 24-cü dəfə Qran-pri qalibi olub. Bu göstərici ilə niderlandlı sürücü əfsanəvi argentinalı pilot Xuan Manuel Fanxioya çatıb. Ferstappendən 13 saniyə geri qalan komanda yoldaşı Serxio Peres yarışı 2-ci sırada tamamlayıb. “Mersedes”i təmsil edən Corc Rassell isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Təsnifat mərhələsini ilk 3-lükdə başa vuran “Ferrari” pilotu Karlos Sayns isə 4-cü yeri tutaraq fəxri kürsüdən kənarda qalıb. 7 qat dünya çempionu Lüis Hemilton bu dəfə finiş xəttini 5-ci keçib.
Yeri gəlmişkən, Barselonadakı qələbə sayəsində Maks Ferstappen 110 xalla çempionatda liderliyə yüksəlib. Ondan 6 xal geridə qalan Şarl Lekler 2-ci, 85 xal yığan Serxio Peres 3-cüdür. Elə Mühəndislər Kubokuna da 195 xalla “Red Bull” başçılıq edir. 2-ci yerdə gedən “Ferrari”nin hesabında 169 xal var. Son yarışlarda bir qədər toparlanan “Mersedes” 120 xalla 3-cüdür. Növbəti yarış mayın 29-da Monakoda keçiriləcək.