2024/2025-ci il mövsümündən avrokuboklarda İsveçrə sistemindən istifadə olunacaq.

UEFA İcraiyyə Komitəsi yeni formatını təsdiqləyib. Çempionlar Liqasında iştirak edəcək klubların sayı 32-dən 36-ya yüksələcək. Əlavə olunacaq 4 vəsiqədən biri öz çempionatında 3-cü, UEFA-nın milli assosiasiyalar reytinqində 5-ci yeri tutan kluba veriləcək. Çempionlar yolu ilə mərhələ adlayan komanda sayı 4-dən 5-ə artırılacaq ki, bu da qeyd edilən 4 vəsiqədən biri olacaq. Son 2 yeri klubları ötən il ən yaxşı mövsüm keçirmiş iki ölkəyə verəcəklər. Bundan başqa, ölkəni avrokuboklarda təmsil edəcək komandaların sayı klub əmsallarına görə deyil, əvvəlki mövsümün uğurlarına görə müəyyənləşəcək. 36 komanda vahid liqada yarışacaq. Rəqiblər mövsümöncəsi reytinq mövqeləri əsasında müəyyənləşəcək. 8 ən yaxşı klub birbasa olaraq turnirin 1/8 finalına çıxacaq, daha 16 komanda 1/8 finala vəsiqə qazanmaq üçün 2 oyundan ibarət pley-off matçları keçirəcəklər. Oxşar dəyişikliklər Avropa Liqası və Konfrans Liqasında da tətbiq olunacaq.

Yeri gəlmişkən, Konfrans Liqasında 2022/2023 mövsümünün final oyununun yeri açıqlanıb.Həlledici matç ityunun 7-də Çexiyanın paytaxtı Praqadakı Eden Arenada keçiriləcək. 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin təqvimi də açıqlanıb. Turnirin açılış oyunu iyunun 14-də Münhendəki "Alyans-Arena"da keçiriləcək. Final qarşılaşması isə iyulun 14-də Berlindəki "Olimpiaştadion" arenasında olacaq.