Futbol üzrə ölkə çempionatında 24-cü tur geridə qalıb. Turun açılış matçı Qəbələ şəhərində keçirilib. Əyalət təmsilçisi doğma meydanda ölkə çempionatının lideri "Qarabağ"ı qonaq edib. Ağdam klubu qarşılaşmanın taleyini elə ilk hissədə həll edib. Hesab 6-cı dəqiqədə açılıb. İbrahima Vadcinin zərbəsi qarşısıalınmaz olub. 8 dəqiqə sonra fərq artıb. Seneqallı futbolçu dubl edib. Bununla da İbrahima Vadci çıxdığı 3 ardıcıl oyunda ümumilikdə 6-cı qolunu vurub: "Qəbələ" – "Qarabağ" 0:2.
"Sabah" doğma meydanda "Şamaxı" ilə görüşüb. İlk hissədə meydan sahibləri rəqib qapısından 3 cavabsız top keçirib. 11-ci dəqiqədə Joy-Lans Mikels "Sabah"ı önə keçirib. Çox keçmədən Zurab Oçiqava yerli azarkeşləri sevindirib. Az sonra isə Joy-Lans Mikels rəqibi 3-cü dəfə mərkəzə dəvət edib. Qeyd edə ki, "Şamaxı" ilə oyunda dubl edən Mikels ümumilikdə 11 qolla Premyer Liqada bombardirlər sırasında liderliyi ələ keçirib. Fasilədən sonra Felipe Silva buraxılan toplardan birinin əvəzini çıxıb. Qarşılaşmanın sonlarında "Sabah" futbolçuları daha iki dəfə "Şamaxı"nın qapısını silkələyiblər. Əvvəlcə 84-cü dəqiqədə Xulio Rodrigez, 5 dəqiqə sonra isə Aleksey İsayev fərqlənərək mübarizəyə nöqtə qoyub. "Sabah" – "Şamaxı" 5:1.
"Neftçi" isə ASKO Arenada "Səbail"in qonağı olub. İlk hissədə tərəflərin hücum cəhdləri nəticə verməyib. Fasilədən sonra "ağ-qaralar" azlıqda qalıb. Ömər Buludov ikinci dəfə sarı vərəqə ilə cəzalandılıb. Lakin Samir Abasovun komandası ruhdan düşməyib. 71-ci dəqiqədə Tiaqo Bezerra "Neftçi"nin yeganə qolunun müəllifi olub: "Səbail" – "Neftçi" 0:1.
"Sumqayıt" isə yenə də uğursuzluğa düçar olub. "Kapital Bank" Arenada "Zirə"ni qonaq edən "gənclik şəhəri" təmsilçisi rəqibinə minimal hesabla uduzub. David Volkov "Zirə"yə 3 xal qazandırıb: "Sumqayıt" – "Zirə" 0:1.
Beləliklə, keçirilən 4 qarşılaşma ilə 24-cü tura yekun vurulub. "Qarabağ" 58 xalla əvvəlki kimi turnir cədvəlinin lideridir. Əzəli rəqibindən 11 xal geri qalan "Neftçi" ikinci pillədədir. İlk üçlüyü isə 42 xalla "Zirə" tamamlayır.