ATP seriyalı Belqrad turnirində yarımfinalçılar müəyyənləşib.  Reytinq cədvəlinin 1 nömrəsi serbiyalı Novak Cokoviç həmyerlisi Miomir Keçmanoviçlə qarşılaşıb. Keçmanoviç ilk setdə 6:4 hesabilə üstün olub. Buna baxmayaraq Cokoviç oyunda dönüş etməyi bacarıb. O,  2-ci və 3-cü setlərdə 6:3 hesablı qələbələrə yarımfinala yüksəlib.

 Kişi tennisçilərin Barselona turnirində də mübarizə davam edir. Monte-Karloda keçirilən yarışın qalibi olmuş Stefanos Tsitsipas İspaniyadakı yarışda da uğurla çıxış edir. Yunanıstanlı raketka ustası 1/16 finalda  belaruslu İlya İvaşka ilə üz-üzə gəlib. Tsitsipas ilk hissədə rəqibinin yalnız bir qeymdə fərqlənməsinə imkan verib.  Stefanos ikinci setdə məğlub olsa da, həlledici hissədə 6:2 hesabilə qalib gələrək 1/8 finala adlayıb. O, bu mərhələdə bolqarıstanlı Qriqor Dmitrovla qarşılaşacaq.