Italiya kubokunda yarımfinal mərhələsi başa çatıb. “Yuventus” Florensiyada minimal hesabla məğlubiyyətə uğratdığı “Fiorentina”nı Turində qəbul edib.
İlk qol 32-ci dəqiqəyə təsadüf edib. “Qoca sinyora”nın heyətində Federiko Bernardeski sabiq komandasının qapısına yol tapıb. 1-ci hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra “Fiorentina”nın dönüş etmək cəhdləri heç bir nəticə verməyib. Əvəzində final fitinə saniyələr qalmış “Yuventus” futbolçuları 2-ci qolu vuraraq mübarizəyə nöqtə qoyublar. Danilo yekun nəticəni müəyyənləşdirib. “Yuventus” – “Fiorentina” 2:0. Beləliklə Maks Alleqrinin komandası rəqibindən ümumən 3:0 hesabilə üstün olaraq İtaliya kuboku yarışının finalına çıxıb. Həlledici qarşılaşmada ölkə derbisi olacaq. İndiyədək 14 dəfə kuboku muzeyinə apararaq rekord müəllifi olan “Yuventus” yarışın yeddiqat qalibi “İnter”lə görüşəcək. Final mayın 11-i “Stadio Olimpiko”da keçiriləcək.