Tennisçilər arasında “Böyük Dəbilqə” seriyalı turnirlərin 21 qat qalibi Rafael Nadal zədəsini sağaldıb.  İspaniyalı məşhur tennisçi artıq məşqlərə başlayıb. Son bir ayda zədəyə görə heç bir turnirdə iştirak etməyən təcrübəli raketka ustası mayın 22-də start götürəcək “Rolan Qarros” turnirinə qədər hazır olmaq istəyir. Xatırladaq ki, Nadal bu mövsüm keçirdiyi 4 turnirin 3-də baş mükafata sahib olub.

Bu mövsüm iştirak etdiyi heç bir turnirin qalibi olmayan ATP lideri Novak Cokoviç isə sindromu Belqrad turnirində qırmaq istəyir. Amma serbiyalı raketka ustası əsas hədəfinin “Rolan Qarros” turniri olduğunu söyləyib:  “Yenidən əvvəlki səviyyəmə qayıtmaq üçün ardıcıl bir neçə oyun keçirməliyəm. Monte-Karlo turnirində oynamağa hazır deyildim. Ümid edirəm ki, Belqradda doğma azarkeşlər qarşısında çox oyun keçirəcəyəm. “Rolan Qarros” artıq mənim əsas hədəfimdir”. Xatırladaq ki, Novak Cokoviç ötən mövsüm “Rolan Qarros”un yarımfinalında turnirin 13 qat qalibi Rafael Nadalı məğlub etdikdən sonra finalda Stefanos Tsitispasa qalib gələrək karyerasında ikinci dəfə bu yarışın ali mükafatına yiyələnmişdi.