Avstraliya Açıq tennis turnirinin finalına yüksəldikdən sonra karyerasında eniş dövrü yaşayan Daniil Medvedev gözlənilməz qərar qəbul edib. Ötən mövsüm US Open turnirinin qalibi olan ATP reytinqində ikinci pillədə qərarlaşan raketka ustası nüfuzlu Madrid və Roma Masters turnirlərində iştirak etməyəcək. Daniil belə bir addım atmasını yüngül cərrahiyyə əməliyyatından sonra istirahət etmək məcburiyyətində qalması ilə izah edib. Xatırladaq ki, Medvedev hazırda davam edən nüfuzlu Monte Karlo turnirində də iştirak etmir. Yeri gəlmişkən, Böyük Dəbilqə üzrə 20 qat çempion Rocer Federer də istirahətinə davam edir. 40 yaşlı isveçrəli tennisçi mayın 22-də start götürəcək Rolan Qarros turnirində iştirak etməyəcəyini açıqlayıb. Onun Uimbldondan da kənarda qalacağı gözlənilir. Xatırladaq ki, bir müddət əvvəl mətbuata açıqlamasında Federer bərpa kursu keçdikdən sonra US Openə qatılacağını söyləmişdi.

WTA reytinqinin sabiq lideri Kim Kliysters isə 3-cü dəfə karyerasını başa vurmaq qərarına gəlib. 38 yaşlı belçikalı tennisçi artıq korta çıxmaqda həvəsli olmadığını söyləyib. Xatırladaq ki, Kim ilk dəfə 2007-ci ildə tennislə vidalaşdığını söyləmiş, 2 il sonra isə kortlara qayıtmışdı. O, 2012-ci ildə də eyni qərar qəbul etmiş 2020-ci ildə isə karyerasını növbəti dəfə bərpa etdiyini açıqlamışdı. Maraqlıdır ki, Böyük Dəbilqə seriyalı turnirlərin 4 qat qalibi 2020-ci ilin fevralından ötən ilin oktyabrına qədər qatıldığı 5 turnirin heç birində qələbə qazana bilməmişdi.