UFC təşkilatında çıxış edən azərbaycan əsilli tanınmış MMA döyüşçüsü Rafael Fiziyev Bakıdadır.

Gənclər və İdman Nazirliyinin dəvəti ilə ölkəmizə təşrif buyuran qırğızıstanlı idmançı burada müxtəlif layihələrdə qaydasız döyüş həvəskarları və idmançılarla görüşəcək. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Rafael Fiziyevin jurnalistlər üçün mətbuat konfransı təşkil olunub. O, ölkəmizlə bağlı xoş fikirlər səsləndirib. Fiziyev, Azərbaycanın zəngin idman ənənələrinin olduğunu və hər zaman azərbaycanlı azarkeşlərin dəstəyini hiss etdiyini bildirib:“Azərbaycanda yaxşı idmançılar var. Xüsusilə güclü güləşçilər və cüdoçularınızın olduğunu deyə bilərəm. Hansı ki, onlar arasında kifayət qədər titullu idmançılar var. Qaydasız döyüşçülərdən isə Tofiq Musayev və Nəriman Abbasovu fərqləndirərdim. Onların olduqca böyük uğurları var. İnanıram ki, bu idman növü Azərbaycanda daha da inkişaf edəcək. Fürsətdən yararlanaraq pərəstişkarlarıma təşəkkür edirəm. Azərbaycan mənim vətənimdir.”

Qeyd edək ki, Rafael Fiziyev aprelin 14-də RENZO QREYS Akademiyasında master klass keçəcək.