Formula 1 üzrə Avstraliya Qran-prisinə yekun vurulub.
Mövsümün 3-cü yarışı da “Ferrari”nin üstünlüyü şəraitində keçib. Bəhreyn Qran-prisində olduğu kimi, yenə də İtaliya komandasının pilotu Şarl Lekler uğur qazanıb. O, 58 dövrəni 1 dəqiqə 20 saniyəyə qət edərək qalib gəlib. Ondan 20,5 saniyə geri qalan “Red Bull” pilotu Serxio Peres ikinci olub. “Mersedes”i təmsil edən Corc Rassel 3-cü yeri tutub. Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 4-cü yerlə kifayətlənib. Yarışın ən yadda qalan məqamı dünya çempionu Maks Ferstappenin uğursuzluğu olub. 39-cu dövrəyə qədər ikinci yerdə gedən “Red Bull” sürücüsü boliddə problem yaşadığına görə mübarizəni dayandırıb. Bu problem hətta yanğınla da nəticələnib.
Beləliklə də, 3 yarışdan sonra şəxsi birinciliyə 71 xalla Şarl Lekler başçılıq edir. Ondan 34 xal az toplayan Corc Rassel 2-ci, “Ferrari”dən Karlos Sayns isə 33 xalla 3-cü yerdədir. Mühəndislər Kuboku siyahısında isə Ferrari 104 xalla liderdir. Mersedes 65 xalla ikinci, Red Bull 55 xalla üçüncüdür.