Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasının yarış zalında kişi və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb. Yarışda yeni ölkə rekordları qeydə alınıb.

100-dən çox atletin mübarizə apardığı Azərbaycan çempionatının son günündə kişilər arasında daha 5 çəki dərəcəsin qalib və mükafatçılar müəyyənləşib. 89 kqda Kamran İsmayılov, 96 kqda Nailxan Nəbiyev, 102 kqda Əli Şükürlü və ən ağır çəkidə Rəhman Kazımov qızıl medal qazanıb. Ən diqqət çəkən mübarizə 109 kiloqram çəkidə olub. Bu çəkidə çempion olan Dadaş Dadaşbəyli birdən-birə 3 Azərbaycan rekordunu qıraraq tarixi nəticəyə göstərib. Atlet birdən qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gəlib və hazırkı Azərbaycan rekordu 5 kq yeniləyib.

O,  təkanla qaldırma hərəkətində də rekord qırıb. 203 kq-ı başı üzərinə qaldıran atlet indiyə kimi müəyyənləşən ən yaxşı nəticəni 1 kq arxada qoyub.

İki hərəkətin cəmində 373 kq nəticə  əldə edən Dadaş Dadaşbəyli bu günə qədər mövcud olan rekordu da 6 kq yeniləyib.