Formula 1 üzrə Avstraliya Qran-prisi keçirilməyə bilərdi. Buna 3 komandanın təchizatının vaxtında Melburna çatdırılmaması səbəb olub. Ukraynada hərbi əməliyyatların davam etməsinə görə dünya üzrə yükdaşınmalarında problemlər yaşanıb ki, bu Formula 1-ə də mənfi təsir göstərib. Hətta buna görə komandaların daşınma ilə əlaqədar xərcləri də artıb. Almaniya mətbuatının məlumatına görə, Formula 1-də iştirak edən 3 komandanın yükləri gəmi vasitəsi ilə 42 günə Avstraliyaya çatmalı idi. Amma məlum səbəblərə görə bu proses daha bir həftə uzanıb. Hazırda vəziyyət nəzarət altına götürülüb. Son xəbərlərə görə yükləri daşıyan gəmilər Sinqapurda saxlanılıb və onların yükləri təyyarələrə doldurularaq Melburna yola salınıb.
Amma Avstraliyanın problemləri təkcə bununla bitmir. Məsələ ondadır ki, 2020-ci ildə Formula 1 Qran-prisi çərçivəsində həftəsonu keçirilən konsert proqramında böyük britaniyalı pop ulduz Robbi Uilyams səhnəyə çıxa bilməyib. Hazırda qarşı tərəf buna görə Avstraliya Qran-prisinin təşkilat komitəsindən 8 milyon dollar təzminat haqqı tələb edir. Onların iddiasına görə, konsertə hazırlıq üçün çəkilən xərclər Uilyamsa ödənməlidir.