Beynəlxalq Stolüstü Tennis Günü ilə əlaqədar bir sıra məktəblərin idman zallarında məktəblilər üçün tədbirlər təşkil edilib. Master-klasslarda Avropa çempionatları, eləcə də, İslam Həmrəyliyi Oyunlarının qalibləri, mükafatçıları və digər peşəkar stolüstü tennisçilər məktəb şagirdlərinə tennisin incəliklərini və oyun texnikasını nümayış etdiriblər. Bundan başqa, stolüstü tennisə maraq oyatmaq və asudə vaxtın səmərəli təşkili məqsədilə məktəbli idmançılar üçün xüsusi estafet yarışları, hədiyyəli viktorinalar təşkil olunub. Yarışın qaliblərinə diplom və mükafatlar təqdim edilib
Qeyd edək ki, Azərbaycan Stolüstü Tennis Federasiyası gənc idmançıların formalaşmasına xüsusi diqqət yetirir. Son 7 il ərzində stolüstü tennisçilər Dünya və Avropa çempionatları və gənclərin Avropa birinciliyi daxil olmaqla 60-a yaxın beynəlxalq yarışlarda iştirak edərək 13 qızıl, 23 gümüş və 30 bürünc medal qazanıblar. Bununla yanaşı idmançılar Azərbaycan, Polşa, Macarıstan, Çexiya, Sloveniya, Rumıniya, Türkiyə və Çin XR-da keçirilən təlim-məşq toplanışlarına da mütəmadi qatılıblar. Bununla yanaşı yeniyetmə idmançılar xarici idman klublarında legioner kimi təmsil olunurlar.