Ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb DTM yarışlarında qüvvəsini sınayacaq.

Bu barədə qurumun proumoter qrupu məlumatı yayıb. Əfsanəvi fransalı pilot “Red Bull Alfa Tauri” komandasının maşınının sükanı arxasına keçəcək.  O, aprelin 29-dan mayın 1-nə qədər Portuqaliyanın Portimane şəhərində keçiriləcək yarışda qüvvəsini sınayacaq. Mətbuata açıqlama verən DTM proumoşn qrupunun rəhbəri Gerhard Berger bunu əlamətdar bir hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə adını ralli tarixinə qızıl hərflərlə yazdıran pilot DTM azarkeşlərini öz debütü ilə sevindirəcək. Sebastyan Löb bu yarışda “Red Bull Alfa Tauri”nin üzvü Nik Kessidini əvəzləyəcək.   Xatırladaq ki, 48 yaşlı pilot 2001-2020-ci illər aralığında ralli yarışlarında “Sitroen” və “Hyunday” komandalarının şərəfini qoruyub. Fransalı pilot 2004-2012-ci illərdə “Sitroen”in heyətində ardıcıl 9 dəfə dünya çempionu olub.