Azərbaycan Milli Olimpiya Komitəsinin yarandığı gündən 30 il ötür. Bu müddət ərzində respublikamız ümumdünya olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib, beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb.  

Müstəqillik dövründə  böyük tərəqqi yolu keçən respublikamız sosial həyatın ayrı-ayrı sahələrində ən müxtəlif uğurlar qazanıb. Bu baxımdan idmançılarımızın nailiyyətləri xüsusilə böyük fərəh, sonsuz qürur hissi doğurur.  İqtisadiyyatımızın ildən-ilə güclənməsi bu sahəni  inkişaf etdirmək,  uşaq və yeniyetmələri idmana cəlb etmək, saglam nəsil  formalaşdırmaq üçün geniş imkanlar yaradır.

Müstəqil respublikamızda  idmana  diqqət, ümumiyyətlə, dövlət siyasətinin   prioritetləri arasında ən mühüm yerlərdən birini tutur. Vaxtilə ulu öndər Heydər Əliyevin  idman sahəsində  müəyyənləşdirdiyi strateji vəzifələr  bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə  uğurla həyata keçirilir. O, Milli Olimpiya Komitəsinin prezidenti kimi   bu sahəyə xüsusilə böyük əhəmiyyət verir. Məhz dövlətimizin liderinin göstərdiyi  qayğı, habelə həyata keçirdiyi nəhəng layihələr  sayəsində Azərbaycan dünya miqyasında  idman ölkəsi kimi şöhrət qazanıb. İdmançılarımız  ən mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edir, Azərbaycan hər il  yeni-yeni beynəlxalq turnirlərin  təşkilatçısı kimi böyük nüfuz qazanır. Milli Olimpiya Komitəsinin yubileyilə əlaqədar tədbirlərin keçirilməsinə dair  imzaladığı sərəncamda dövlət başçısının  qeyd etdiyi kimi, təşkilat ölkədə idmanın dinamik inkişafı, olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərib. Ötən 30 il ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək müasir standartlara cavab verən səviyyəyə çatdırılmasında, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat  tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olub.  

Hələ  1997-ci ildə  İlham Əliyev əvvəlcə Milli Olimpiya Komitəsinin, 6 il sonra isə   Azərbaycan prezidenti seçiləndən  etibarən ölkəmizin idman statusunu daha da möhkəmləndirmək naminə kompleks tədbirlər geniş vüsət  aldı. Respublikamızı idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan dövlət başçısı  ötən illər ərzində müasir infrastrukturun yaradılmasına nail oldu. Ayrı-ayrı bölgələrimizdə yeni idman qurğuları tikildi, yararsız vəziyyətdə olan köhnə təlim-məşq bazaları təmir olundu və yenidən quruldu.Bütün bunlar  Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən, olimpiadalarda yüksək nailiyyətlər qazanmasına zəmin yaratdı. Respublikamızın sülh elçiləri Yay Olimpiya Oyunlarında başlanan  zəfər yolunu  Sidney, Afina, Pekin, London, Rio-de-Janeyro və Tokio  şəhərlərində  uğurla davam etdirdilər. Müqayisə üçün deyək ki, əgər keçmiş  SSRİ tərkibində  Azərbaycan 1952-1988-ci illlərin olimpiadalarında  üst-üstə 27  medal qazanmışdısa, müstəqillik  dövründə 1992-2022-ci illərdə  əldə olunan mükafatların sayı artıq 53-ə çatıb.  Atletlərimiz  dünya komandaları arasında liderlər qrupuna doğru  irəliləyərək, olimpiya hərəkatının ən fəal üzvləri kimi tanınıblar. İdmançıların maddi vəziyyətinin yaxşılaşdırılması,sosial təminatı,onların əməyinin qiymətləndirilməsi dövlətin diqqət  mərkəzindədir.  

Bugün Azərbaycan idmanı yüksəliş dövrünü yaşayır. Paytaxtımızda ən müasir tələblərə cavab verən Olimpiya stadionu, Bakı İdman Sarayı,  Milli Gimnastika Arenası, Tennis akademiyası, Su İdman Sarayı,  İdman-Konsert Kompleksi, demək olar, bütün bölgələrimizdə olimpiya-idman kompleksləri fəaliyyət göstərir. Mingəçevirdə və Suqovuşanda avarçəkmə mərkəzləri, Qusarda   “Şahdağ”,  Qəbələdə “Tufandağ” qış-yay kompleksləri isə ölkəmizdə həm olimpiya hərəkatının, həm  də turizmin inkişafı üçün  geniş üfüqlər açıb.

Respublikamız təkcə olimpiya uğurları ilə deyil, beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi də şöhrət qazanıb.  Bakı Olimpiya stadionunda  ilk Avropa oyunları və 4-cü İslam Həmrəyliyi Oyunları, habelə qitə  yeniyetmələrinin   Avropa festivalı    idmanımızın  ən parlaq səhifələri kimi tarixə yazıldı,  Azərbaycanın  idman ölkəsi kimi artan nüfuzunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevlə yanaşı Oyunların təşkilat komitəsinin sədri Mehriban xanım  Əliyeva da müvafiq  yarışların uğurla keçirilməsində müstəsna xidmət göstərdi. Ölkəmiz bu yarışlarla dünya idmanına  yeni standartlar təqdim etdi.  İdmançılarımızın  Avropa oyunlarını 56 medalla  2-ci, islamiadanı isə 162 mükafatla 1-ci yerdə başa vurması xalqımızın mübariz ruhunu, əzmkarlığını, bədən tərbiyəsi və idman ideallarına sadiqliyini nümayiş etdirdi.                 

Bakıda   Formula-1  Azərbaycan  Qran-prisi, habelə, gimnastika,  cüdo, boks, güləş,şahmat,  taekvon-do, voleybol,futbol, atletika,karate və bir çox başqa növlər üzrə ən mötəbər yarışlar - dünya və Avropa çempionatları  ölkəmizin  olimpiya hərəkatına  verdiyi misilsiz  töhfələr  kimi qiymətləndirilir. 

 Bu yarışlarda qazanılan qələbələr, ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, idmançılarımızın Vətən məhəbbətinin,oğul və qızlarımızın  fədakarlığının  bariz nümunəsidir. Onların hamısı vahid bir ailə kimi qələbəyə  can atdı, “Gücümüz – birliyimizdədir”  - devizi ilə bir-birlərinə mənəvi dayaq olaraq  zirvələr fəth etdi, bayrağımızı ucaltdı.

Prezident İlham Əliyev respublikamızda idmanın inkişafını bir reallıq kimi qiymətləndirib, onun çox güclü potensialının olduğunu bildirib.  Məhz bu reallıqdan irəli gələn tələblərə uyğun olaraq respublikamızda  hər bir gəncin, hər  bir uşağın  idmanla məşğul olması üçün yeni layihələr hazırlanır. Çünki sağlam gənclik  - millətin və xalqın sağlam gələcəyi deməkdir. 30 illik yubileyini qeyd edən  Milli Olimpiya Komitəsi  idman  hərəkatında belə bir məramla irəliləyir, atletlərimizi   nailiyyətlərə,  qələbələrə doğru aparır.