Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Yarışın altıncı günündə - aprelin 2-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. M.Məmmədov dörddəbir finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Güləşçimiz yarımfinalda türkiyəli Kerem Kamala uduzub – 0:8. Həmyerlimiz bürünc medal uğrunda güləşəcək. Rəqib Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.
Millimizin üzvü Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. H.Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernatek 5:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz finalın bir addımlığında türkiyəli Murat Firara 0:2 hesabı ilə məğlub olub. H.Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.
Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Ü.Qənizadə dörddəbir finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. İdmançımız yarımfinalda gürcü Şmaqi Bolkvadzey ilə qarşılaşıb və rəqib 4:1 hesabı ilə qalib gəlib. Güləşçimiz bürünc medal görüşünə çıxacaq. Rəqib Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.
Rafiq Hüseynovun (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. R.Hüaeynov final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze ilə üz-üzə gələcək.
Murat Lokyayev (97 kq) səkkizdəbir finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün millimiz üzvü üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. M.Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.