Sonuncu dəfə Avropa Çempionatının qrup mərhələsində üz-üzə gələn Türkiyə və İtaliya milli komandaları Anadolunun ən böyük stadionunda - Konya Böyükşəhər Bələdiyə Arenada üz-üzə gəliblər.

Mundialdan kənarda qalan seçmə kollektivlər yoxlama görüşündə qüvvəsini sınayıb. Hesab 4-cü dəqiqədə açılıb. Enes Ünalın ötürməsini Cengiz Ünder qapıdan keçirib. Lakin ilk hissənin ortalarında Roberto Mançininin yetirmələri geri dönüş ediblər. 35-ci dəqiqədə Brian Kristante, az sonra isə Cakomo Raspadori İtaliya millisini önə keçiriblər. Fasilədən sonra da təşəbbüsü əldən verməyən Apennin təmsilçisi fərqi iki topa çatdırıb. Bu dəfə də “Sassulo”nun üzvü Cakomo Raspadori dəqiq oynayaraq dubl müəllifi olub. Oyunun yekunlaşmasına 7 dəqiqə qalmış “ay-ulduzlular” fərqi minimuma endiriblər. İkinci hissədə meydana daxil olan Sərdar Dursun mübarizəyə yekun vurub: Türkiyə - İtaliya 2:3.