UEFA Millətlər Liqası üçün Maltada hazırlığını davam etdirən futbol üzrə milli komandamız daha bir yoxlama oyununda qüvvəsini sınayacaq.
Bu dəfəki rəqib isə Latviya kollektividir. Seçmə kollektivimiz italiyalı Canni De Byazinin rəhbərliyi altında təlim-məşq toplanışını davam etdirir. Qarşılaşmadan əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında 66 yaşlı mütəxəssis inamlı fikirlər səsləndirib:
“Ötən oyunda bəzi taktiki problemlər oldu. Həmin görüşə görə çox narahat idim. Əminəm ki, futbolçuların daha artığını edə bilər. Latviya ilə oyunda gücümüzü səfərbər etməli, özümüzə inanmalıyıq. Hər şey bizdən asılıdır. UEFA Millətlər Liqası kimi çətin turnirdə nəticə qazanmalıyıq. Bunun üçün buraxdığımız səhvləri yaxşı analiz etməliyik.”
Milli komandanın kapitanı Maksim Medvedev isə baş məşqçidən fərqli olaraq ehtiyyatlı danışıb: “Maltaya qarşı fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək asandır, meydanda icra etmək isə çətin. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi. Latviyaya qarşı yaxşı hazırlaşmışıq. Qələbə bizi ruhlandıra bilər."
Qeyd edək ki, Azərbaycan – Latviya qarşılaşması bu gün saat 15:00-da start götürəcək.