Formula 1 üzrə Rusiya Qran-prisinin ləğvindən sonra təqvimdə müəyyən dəyişikliklər gözlənilir. Hazırda Soçidə keçirilməli olan yarışı əvəz edə biləcək Qran-prilər arasında seçim edilir. İspaniya mətbuatının məlumatına görə Formula 1 rəhbərliyi 2 variant haqda fikirləşir. Bunlardan biri Portuqaliya, digəri isə Türkiyə variantıdır. Xatırladaq ki, ötən mövsüm həm “Portimao”, həm də “İstanbul Park”da yarışl təşkil edilmişdi.

Yeri gəlmişkən, Formula 1-in rəhbəri Stefano Domenikali yaxın gələcəkdəki təqvimlə bağlı planlarından danışıb. O, hətta 30-ə qədər Qran-pri təşkil edə biləcəklərini söyləyib: “Fikrimcə, indiki zamanda 24 yarış təşkil etmək imkanımız var. Hətta siyahı 30 Qran-priyə qədər arta bilər. Hazırda bütün dünyada Formula 1-ə olan marağı görürük. İnidiki məqamda isə doğru balansı tapmalıyıq. Hazırda Formula 1 yarışı təşkil etmək istəyənlər arasında təkcə Las Veqas ön sırada dayanmayıb. Amerika Birləşmiş Ştatları və Çinlə yanaşı Afrika qitəsində də Qran-prilərə ev sahibliyi etmək istəyənlər var”. 

Xatırladaq ki, noyabrın 20-nə qədər davam edəcək mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır. Artıq Bəhreyn Qran-prisi geridə qalıb və həftəsonu Formula 1 pilotları Səudiyyə Ərəbistanın Ciddə şəhərində mübarizəyə qoşulacaq.