“Böyük Dəbilqə” seriyalı turnirlərin 3 qat qalibi Eşli Barti gözlənilmədən karyerasını başa vurduğunu açıqlayıb.
WTA reytınqinin 25 yaşlı lideri bundan sonra sadəcə öz həyatını yaşamaq istəyində olduğu üçün belə bir addım atdığını söyləyib: “Mən uşaq yaşlarımdan tennislə məşğul oluram. Bundan sonra adi həyata dönmək və normal yaşamaq istəyirəm. Tennis sayəsində hətta arzulaya bilmədiklərimə belə nail olmuşam. Amma artıq digər hədəflərə çatmaq üçün raketkanı bir kənara qoymağın vaxtıdır. Daha tennis oynamağa da gücüm qalmayıb”. Xatırladaq ki, Barti 2019-cu ildə “Rolan Qarros”, 2021-ci ildə “Uimbldon”, bu mövsümün əvvəlində isə Avstraliya Açıq tennis turnirinin qalibi olub.
Elə qarşıdakı yarışlarda Rafael Nadalı da kortlarda görməyəcəyik. Amma “Böyük Dəbilqə” seriyalı turnirlərin 21 qat qalibi zədə səbəbindən yarışlara qatılmayacaq. İndian-Uells turnirinin finalında özünü narahat hiss edən və nəticədə məğlub olan Nadalın sonradan ayağından zədələndiyi aşkarlanıb. 35 yaşlı tennisçi qarşıdakı 1 ay ərzində yarışlardan kənarda qalacaq. Barselonada həkim nəzarətindən keçdikdən sonra mətbuat qarşısına çıxan Rafael bunları söyləyib: “Bu mənim üçün çox pis xəbər oldu, belə olacağını gözləmirdim. Mövsümə belə yaxşı vəziyyətdə başladıqdan sonra zədələnməyim yerinə düşmədi. Amma mən həmişə mübariz ruhumla seçilmişəm. Yenidən kortlara qayıdacağam!” Xatırladaq ki, Nadal bu mövsüm Melburn, “Australian Open” və Akapulko turnirlərinin qalibi olub.