Formula 1 üzrə 4 qat dünya çempionu Sebastyan Fettel sabah start götürəcək mövsümün ilk Qran-prisində iştirak etməyəcək.
Buna “Aston Martin” pilotunun koronavirusa yoluxması səbəb olub. Bəhreyndə almaniyalı sürücünü Niko Hyulkenberq əvəz edəcək. Xatırladaq ki, Hyulkenberq sonuncu dəfə Formula 1-də 2019-cu ildə “Reno” pilotu kimi tam mövsüm keçirmişdi. 2020-ci ildə isə “Reysinq Point” komandasında ehtiyac sürücü funksiyasını daşıyan Hyulkenberq mövsümün əvvəlində Serxio Peresi, sonlarına yaxın isə Lens Strollu əvəzləmişdi. Maraqlıdır ki, həmin ildə də Niko məhz komanda yoldaşlarının koronavirusa yoluxmasına görə sükan arxasında əyləşmişdi. Fettelə gəlincə, 34 yaşlı pilot 2007-ci ildə Avropa Qran-prisindən sonra ilk dəfə yarışlardan kənarda qalıb. Koronavirus testinin müsbət nəticələnməsindən sonra İsveçrəyə yola düşən Fettel özünün yaxşı hiss edir. Onun bir həftədən sonra Səudiyyə Ərəbistanında keçirləcək Qran-pridən kənarda qalması ehtimalı da yüksəkdir.