Ölkə çempionatının 19-cu turunda "Neftçi" doğma arenada "Sumqayıt"ı qəbul edib. Bu mövsüm rəqibi ilə 2 dəfə qarşılaşan və hər iki halda heç-heçə edən paytaxt klubu bu dəfə qələbə qazanıb. 17-ci dəqiqədə Emin Mahmudov meydan sahiblərinin ilk qolunu vurub. Amma az sonra tarazlıq bərpa olunub. Rəhim Sadıxov qapını dəqiq nişan alıb 1:1. Komandalar fasiləyə bu hesabla yollanıblar. 2-ci hissənin sonunda qonaqların qapısına penalti təyin edilib. Emin Mahmudov fürsəti əldən verməyib - 2:1. Beləliklə, "Neftçi" ardıcıl 4-cü qələbəsini qazanıb.

Tura bu gün Qəbələdə yekun vurulub. Ötən gün güclü qar yağmasına görə yarımçıq dayandırılan "Qəbələ" - "Zirə" matçı bu gün qaldığı yerdən, 65-ci dəqiqədən davam etdirilib. Futbolçular qalan vaxt ərzində də fərqlənə bilməyiblər. Oyun qolsuz heç-heçə ilə bitib. Qəbələdən 1 xalla qayıdan "Zirə" turnir cədvəlində "Nefttçi"ni 1 xal geridə qoyaraq 2-ci pilləyə yüksəlib. 34 xala malik "Neftçi" 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü yerdədir. Yarışa 43 xalla "Qarabağ" başçılıq edir. Qeyd edək ki, Ağdam klubun ehtiyatda 1 oyunu da var.