Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatına martın 13-də yekun vurulub.
4 gün davam edən çempionatda 17 ölkədən 170 gimnast birincilik uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 10 ölkədən gimnastlar medal qazanmağı bacarıblar.
Ölkələrin sıralamasına Belçika yığması liderlik edir. Belə ki, komandanın hesabında 7 qızıl, 2 gümüş və 1 bürünc medal var. İlk üçlükdə Portuqaliya (3-4-0) və ABŞ (3-1-2) yer alıb. Böyük Britaniya (2-3-2) dördüncü, Qazaxıstan (1-3-2) beşinci, İsrail (0-1-3) altıncı pillədə qərarlaşıb.
Hesabında 1 gümüş və 2 bürünc medal olan Azərbaycan komandası yeddinci pillədə qərarlaşıb. Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıb. İlk onluğu Macarıstan (0-1-1), Almaniya (0-0-2) və Avstriya (0-0-1) komandaları qapayıb.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.