UEFA Avropa Liqasının 1/8 final mərhələsində daha 3 görüş keçirilib. “Sevilya” Ramon Sançes Pisxuan” Stadionunda Premyer Liqa təmsilçisi “Vest Hem”lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Saatın tamamında Markos Akunyanın ötürməsini Münir Əl Həddadi dəqiq tamamlayaraq “Sevilya”ya qələbə qazandırıb.
Portuqaliyada “Braqa” Fransanın “Monako” klubu ilə üz-üzə gəlib. Meydan sahibləri qapısını toxunulmaz saxlamaqla qələbə qazanıblar. 3-cü dəqiqədə Braqa təmsilçiləri hesabı açıblar. Abel Ruiz dəqiq oynayıb. Təşəbbüsü əldəb verməyən “Braqa” klubu oyunun sonuncu dəqiqəsində daha bir qol vuraraq fransalı azarkeşləri məyus edib. Vitor Oliveyra yekun nəticəni müəyyənləşdirib. “Braqa” – “Monako” 2:0.
Şotlandiyanın “Reyncers” klubu “Srvena Zvezda”dan üstün olub. Matçda 3 qol qeydə alınıb. 11-ci dəqiqədə Ceyms Tavernye “Reyncers”i irəli çıxarıb. 4 dəqiqə sonra Alfredo Morelos Serbiya futbolçularını 2-ci dəfə mərkəzə dəvət edib. 24-cü dəqiqədə “Srvena Zvezda” futbolçuları fərqi azaltmaq üçün əla fürsət əldə etsələr də, Aleksandar Katay penaltini dəqiq yerinə yetirməyib. İkinci hissədə “Reyncers” futbolçuları daha 1 qol vurmaqla mübarizəyə nöqtə qoyublar. Leon Baloqun matçda sonuncu qolun müəllifi olub. “Reyncers” – “Srvena Zvezda” 3:0.