Novak Cokoviç İndian-Uells Masters seriyalı turnirdə iştirak etməyəcək. Bu barədə yarışın təşkilat komitəsi bəyanat yayıb.  Buna Novakın koronavirus əleyhinə peyvənddən imtina etməsi səbəb olub. Amerika Birləşmiş Ştatlarının qanunlarına əsasən, bu ölkəyə vaksinasiya prosesindən keçməyən əcnəbilər səfər edə bilməz. Komitə hazırda məsələni yoluna qoymaq üçün müəyyən işlər görür. Xatırladaq ki, Novak Avstraliya Açıq tennis turnirində də eyni səbəbdən iştirak edə bilməmişdi.

Yeri gəlmişkən, bazar ertəsi start götürəcək İndian-Uells turnirinin püşkatma mərasimi keçirilib. Burada diqqət çəkən məqam isə “Australian Open” turnirinin finalçıları olan Rafael Nadalla Daniil Medvedevin yollarının yarımfinalda kəsişə biləcəyidir. Maraqlıdır ki, Avstraliyada həlledici oyunda Medvedevi məğlub edən Nadal bu rəqibinə bir neçə gün əvvəl Akapulko turnirinin yarımfinalında da qalib gəlmişdi