Türkiyə Super Liqasının 28-ci turu başlanıb.

Malatya şəhərində yerli “Yeni Malatyaspor” yüksək pillələr uğrunda yarışan “Adana Dəmirspor”la üz-üzə gəlib. İlk hissədə tərəflər bir-birinin müqavimətini qırmağa çalışsa da, hesab açılmayıb. Xüsusən də qonaqların ulduz futbolçusu Mario Balotellinin 34-cü dəqiqədə real qol vəziyyətindən yararlana bilməməsi adanalı azarkeşləri məyus edib. Fasilədən sonra təşəbbüsü ələ alan qonaqlar rəqibi bir neçə epizodda cəzalandırmağa yaxın olub. Amma bu dəfə də italiyalı futbolçunun qapı önündə qol vəziyyətindən yararlana bilməyib. Əvəzində “Yeni Malatyaspor” futbolçuları 77-ci dəqiqədə hesabı açıb. Munir Şuyar görüşdə vurulan yeganə qolun müəllifi olub - “Yeni Malatyaspor” – “Adana Dəmirspor” 1:0.

Beləliklə, qalib gəlməsinə baxmayaraq xallarının sayını 20-yə çatdıran “Yeni Malatyaspor” yenə də sonuncu pillədə qərarlaşıb. “Adana Dəmirspor”un aktivində isə 45 xal var. Çempionata 66 xalla “Trabzonspor” başçılıq edir.