Azərbaycanda bədən tərbiyəsi və idman gününün martın 5-i qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və avropa çempionatlarının qaliblərilə görüşüb. “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz” - ulu öndərin bu tarixi sözləri söylədiyi həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqamət müəyyənləşdirildi. Həmin tarixi görüşdən az sonra Azərbaycan Prezidenti Yanında İdman Fondu yaradıldı. Görüşün iştirakçılarından olan idman mütəxəssisləri 5 martın Azərbaycanın idman həyatında dönüş nöqtəsi olduğunu bildirir.
Elə həmin dövrdə İlham Əliyev milli olimpiya komitəsinin prezidenti seçiləndən sonra ölkəmizdə idmana diqqət daha da artdı. Maddi-texniki baza möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı, onların yarışlara peşəkar səviyyədə hazırlaşması üçün lazımi tədbirlər görüldü. Bütün bunlar tezliklə mötəbər turnirlərdə nailiyyətlərində əksini tapdı. Sidney, Afina, Pekin, London, daha sonra Rio-de-Janeyro və Tokio və olimpiadalarında Azərbaycan idmançıları uğurla çıxış etdilər. 1996-cı ildən bəri ötən müddət ərzində atletlərimiz dünya komandaları arasında liderlər qrupuna doğru irəliləyərək ilk 20-liyə daxil olub, olimpiya hərəkatının ən fəal üzvləri kimi tanınıblar.
Respublikamız təkcə atletlərimizin uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi də şöhrət qazanıb. Mütəxəssislər də etiraf edirlər ki, artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bakı-2015 ilk Avropa oyunları, 4-cü İslam Həmrəylik oyunıları, Gənclərin Yay Olimpiya Festivalı, Formula 1 Qran-priləri, Avro -2020-nin qarşılaşmaları, UEFA Avropa Liqasının final oyunu və digər nüfuzlu yarışlar Azərbaycan idmanının ən parlaq səhifəsi kimi tarixə yazılıb. Prezident İlham Əliyevlə yanaşı Oyunların təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva da yarışların uğurla keçirilməsində müstəsna xidmət göstərdi. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. İndi təkcə Bakıda deyil, bütün bölgələrimizdə müasir olimpiya kompleksləri fəaliyyət göstərir. Paytaxtımızda ən müasir tələblərə cavab verən Heydər Əliyev adına İdman Konsert Kompleksi, Olimpiya stadionu, Bakı İdman Sarayı, Milli Gimnastika Arenası, Tennis akademiyası, Su İdman Sarayı və digər qurğular fəaliyyət göstərir. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi və Qusarda “Şahdağ”, habelə Qəbələdə “Tufandağ” qış-yay kompleksləri isə ölkəmizdə həm müvafiq idman növlərinin, həm də turizmin inkişafı üçün imkanlar yaratdı.
Bu sahədə uğurlarımız Azərbaycan idmanının tərəqqisini, onun qüdrətini və ən başlıcası atletlərimizin Vətən məhəbbətini, fədakarlığını bir daha əyani şəkildə nümayiş etdirir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda idmanın inkişafı artıq reallıqdır. Əlamətdar haldır ki, atletlərimiz 5 Mart Bədən Tərbiyəsi və İdman gününü belə əlamətdar nailiyyətlərlə qeyd edirlər. Sözsüz ki, onlar qarşıdakı sınaqlarda yeni uğurlar əldə edəcək, bayrağımızı yüksəldəcək və himnimizi səsləndirəcəklər.