Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində ikinci görüşünü keçirib.

D qrupunda çıxış edən təcrübəli qrossmeysterimiz əsas rəqibi fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan Məmmədyarov 32-ci gedişdə heç-heçəyə razılaşıb. Bu qrupun digər görüşündə çinli Yu Yanqyi rusiyalı Aleksandr Predke ilə heç-heçə edib.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki görüşdən ibarətdir.  Ehtiyac yaranarsa, tay-breyk olacaq. 

FİDE Qran-prisi şahmatçılara  reytinq xalları da qazandıracaq. Qalib 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin tutanlar 4 xal, 3-cü pilləni tutanlar 2 xal əldə edəcəklər.

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirinə vəsiqə qazanacaq.