Serbiyada FİDE Qran-prisinə start verilib. D qrupunda yarışan Şəhriyar Məmmədyarov ilk turda Çin şahmatçısı Yu Yanqyi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə sülhə razılaşıb. Bu qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke də heç-heçə edib. Növbəti turda qrossmeysterimiz Maksim Vaşye Laqravla qarşılaşacaq. Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar isə həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal əldə edəcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qeyd edək ki, ümüumi mükafat fondu 150 min avro olan FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq.