Rusiya klubları basketbol üzrə Avroliqadan kənarlaşdırılıb.
Bu barədə yarışı təşkil edən qurum rəsmi bəyanat yayıb. Beləlilklə də, ÇSKA, UNİKS Kazan və “Zenit” qarşıdakı turlarda meydana çıxmayacaq. Həmçinin Avrokubokda çıxış edən “Lokomotiv Kuban” klubu da mübarizədən kənarlaşdırıb. Bu komandaların cari mövsüm qazandığı nəticələr də ləğv edilib. Xatırladaq ki, “Zenit” müntəzəm çempionatda keçirdiyi 23 görüşdə 14 qələbə qazanmaqla turnir cədvəlində 5-ci pillədə qərarlaşmışdı. “Zenit”dən 2 oyun artıq keçirməklə 14 qələbə qazanan ÇSKA isə 6-cı yeri tutub. 25 oyunda meydanı 13 dəfə qələbə ilə tərk edən “UNİKS Kazan” isə 8-ci pillədə yer almışdı. Yeri gəlmişkən, “Zenit” legionerlərinə klubla müqaviləni poza biləcəkləri ilə bağlı bəyanat yayıb. Artıq litvalı basketbolçular Mindauqas Kuzminskasla Arturas Qudaytis və amerikalı oyun qurucusu Şabaz Napyer klubu tərk edib.