FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. 

Ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində çıxış edə bilməyəcək. Bu da Rusiya millisinin Qətərdə təşkil olunacaq mundialı buraxacağı deməkdir.  Eyni zamanda Moskva "Spartak"ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. Bundesliqa təmsilçisi oynamadan növbəti mərhələyə yüksələcək.  Xatirladaq ki, Rusiya millisi martın 24-də Moskvada Polşa seçməsinə qarşı dünya çempionatının pley-off matçına çıxmalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya yığmaları qarşılaşacaq. Bu duelin qalibi  finalda Polşa ilə üz-üzə gələcək. Həlledici qarşılaşmada qələbə qazanan komanda noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə əldə edəcək. Rusiyanın qadınlardan ibarət milli komandası isə iyulun 6-dan 31-dək İngiltərədə təşkil olunacaq Avropa çempionatında iştirak etməli idi.  UEFA həmçinin  Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığın dayandırılması barədə də qərar qəbul edib.  Rusiya Futbol İttifaqı isə FIFA və UEFA-nın qərarları ilə bağlı bəyanat yayıb.  Bəyanatda  ölkə yığmalarının və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması qərarının qəbuledilməz olduğu bildirilib.  Qeyd olunub ki, FIFA və UEFA-nın bu addımı beynəlxalq norma və prinsiplərə, eləcə də idmanın ruhuna ziddir.  Bu arada  Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası  Rusiya Premyer Liqasında çıxış edən bütün legionerlərə klubları ilə mövcud müqavilələrini ödənişsiz ləğv etmək imkanının verilməsi təklifi ilə çıxış edib.  Qurum bununla əlaqədar FIFA-ya müraciət edib.  Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasında 133 legioner oynayır.