Kişi tennisçilərin Dubay turnirində 1/4 finala yekun vurulub.Reytinq sıralamasının 1 nömrəsi Novak Cokoviç gözlənilmədən mübarizəni dayandırıb. Serbiyalı raketka ustası çexiyalı İrji Veseli ilə üz-üzə gəlib. İlk setdə Veselı 6-4 hesabilə üstün olub. İkinci hissədə tay-breyk oynanılıb. Burada daha dəqiq olan çexiyalı tennisçi yarımfinala adlayıb. O, finala vəsiqə qazanmaq üçün kanadalı Denis Şapavalovu məğlub etməlidir.
Mərhələnin maraqla gözlənilən daha bir oyunu reytinq cədvəlinin qonşu pillələrində qərarlaşan tennisçilərin dueli ilə yadda qalıb. Dünya tennisinin 10 nömrəsi Yannik Sinner bir pillə geridə olan polşalı Hubert Hurkaçla qarşılaşıb. 1 saat 25 dəqiqə davam edən görüşdə polşalı tennisçi qələbə qazanıb. Hubert Hurkaç hər iki setdə 6-3 hesabilə rəqibindən üstün olub.
Digər 1/4final qarşılaşması rusiyalı Andrey Rublyov və amerikalı Makkenzi Makdonald arasında keçirilib. Marsel turnirinin qalibi olmuş Rublyov ehtimalları doğruldub. İlk setdə məğlub olan rusiyalı tennisçi geri dönüş etməyi bacarıb. Andrey Rublyov ikinci və üçüncü hissələrdə 6-3 və 6-1 hesablı qələbələrləadını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi Hubert Hurkaç olacaq.