Türkiyədə güləş üzrə ilin ilk reytinq turniri başlanıb. İstanbulda keçirilən yarışın ilk günündə yunan-roma güləşçiləri 7 çəki dərəcəsində mübarizə aparıblar. Pəhləvanlarımız 3 medal əldə ediblər.

87 kqda İslam Abbasov  Özbəkistan, Qazaxıstan və Türkiyə güləşçisinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə o, Serbiyanı təmsil edən dünya və Avropa çempionu, Tokio Olimpiadasının bürünc medalçısı Zurab Datunaşvili ilə üz-üzə gəlib. İslam Abbasov son saniyələrdə qazandığı xallarla turnirin qalibi olub.

Ən ağır çəkidə Beka Kandelaki finala kimi irəliləyib. Pəhləvanımızın yarımfinalda türkiyəli 3 qat olimpiya mükafatçısı, 4 qat dünya və 9 qat Avropa çempionu Rza Kayaalpa qalib gəlməsi diqqət çəkib. Amma o, həlledici qarşılaşmada Türkiyənin digər təmsilçisi Osman Yıldırıma uduzaraq gümüş medalla kifayətlənib.

Daha bir mükafatı isə Taleh Məmmədov əldə edib. 63 kqda yarışan təmsilçimiz 3-cü yeri turub. Beləliklə komandamız ilk yarış gününü 3 medalla başa vurublar.