Formula 1-də yeni mövsüm ərəfəsində test yarışlarına start verilib. Barselonada keçirilən ilk yarış günündə “Maklaren” pilotu Lando Norris uğur qazanıb. O, finiş xəttini 1 saat 19 dəqiqəyə keçib. Ondan yarım dəqiqə geri qalan “Ferrari” sürücüsü Şarl Lekler ikinci yeri tutub. Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü olub. Növbəti iki sıranı isə “Mersedes” pilotları tutublar. Valtteri Bottasın gedişindən sonra komandaya cəlb edilən Corc Rassel 4-cü, 7 qat dünya çempionu Lüis Hemilton isə yürüşü 5-ci sırada başa vurub. “Red Bull”da çıxış edən son dünya çempionu Maks Festappen liderdən 2 dəqiqə 6 saniyə geri qalaraq 9-cu nəticə göstərib.
Yeri gəlmişkən, testin səhər keçirilən mərhələsində “Ferrari” pilotu Şarl Lekler rəqiblərini qabaqlamışdı. “Maklaren” pilotu Lando Norrislə “Mersedes” sürücüsü Corc Rassell isə müvafiq olaraq 2-3-cü yeri tutmuşdu. Amma ilk mərhələdə 10 pilot iştirak etmişdisə, axşam saatlarında mübarizəyə 16 yarış iştirakçısı qoşulmuşdu.