Boks həvəskarları Entoni Coşua ilə Aleksandr Usik arasında revanş döyüşü səbirsizliklə gözləyir. Amma hələ ki, britaniyalı və ukraynalı boksçuların rinqi harada bölüşəcəyi haqda heç bir məlumat yoxdur. Daha doğrusu, bu mənada konkret addımlar atılıb, amma rəsmi razılıq əldə olunmayıb. Məşhur promouter Eddi Hirnin sözlərinə görə, döyüşün Yaxın Şərq ölkələrinin birində keçirilməsi ehtimalı böyükdür. O, ərəb ölkələrinin təşkilati məsələləri həll etməyə hazır olduğunu bildirib. İndiki məqamda görüşün hansı tarixdə keçiriləcəyi də tam müəyyən deyil. Hər iki boksçu razılığa gəlsə, döyüş may ayının sonları və ya iyunun əvvəli təşkil edilə bilər. Hirnin sözlərinə görə WBA Super, WBO, İBF və İBO kəmərlərini Usikə uduzan sabiq dünya çempionu Coşua bütün şərtləri qəbul etməyə hazır olmalıdır.
Yeri gəlmişkən, WBC versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyurinin növbəti rəqibi məlum olub. Britaniyalı boksçu kəmərini qorumaq üçün həmyerlisi Dillian Uaytla qarşılaşacaq. Görüşün aprelin 23-də Londonun məşhur “Uembli” stadionunda keçiriləcəyi gözlənilir.