Pekində keçirilən 24-cü qış Olimpiya Oyunlarınarının son günündə 5 medal dəsti uğrunda mübarizə qeydə alınıb. Qadınlar arasında körlinq yarışının finalında Böyük Britaniya millisi Yaponiya yığmasını 10:3 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olimpiya çempionu olub. İsveç seçməsi isə 3-cü yeri tutub.
Dağ xizəkçilərinin qarışıq komanda yarışında isə Katarina Truppe, Ştefan Brennştayner, Katarina Linsberqer və Yohannes Ştroltsdan ibarət Avstriya millisi fəxri kürsünün üst pilləsinə qalxıb. Pekin Olimpiadasının nın ilk qızıl medalını qazanan norveçli xizəkçi Tereza Yohauq 30 km məsafəyə sərbəst yarışda 1 saat 24 dəqiqə 54 saniyəlik göstərici ilə karyerasında 4-cü dəfə Olimpiya çempionu olub. Kişi bobsleyçilərin “dördlük” yarışında isə Almaniya millisi çempionluq sevinci yaşayıb.
Yarışlar bitdikdən sonra isə Olimpiadanın bağlanış mərasimi keçirilib. Mərasimdə Olimpiadanın keçid bayrağı 2026-cı ildə bu nəhəng idman festivalına ev sahibliyi edəcək İtaliyanın Kortina d`Ampetso və Milan şəhərlərinə təhvil verilib. Xatırladaq ki, ölkəmizi bu Olimpiadada fiqurlu konkisürənlər Yekaterina Ryabova ilə Vladimir Litvintsev təmsil edib. Hər iki idmançı sərbəst proqramda qüvvəsini sınayıb. Ryabova yarışı 15-ci, Litvintsev isə 18-ci yerdə başa vurub.
Olimpiadanın medal sıralamasına gəlincə, Norveç millisi 4 il əvvəl Pxençxanda olduğu kimi yenə də komanda hesabında hamını qabaqlayıb. Amma norveçlilər bu dəfə 16 qızıl medalla tarixinin ən yaxşı nəticəsinə imza atıb. Bununla yanaşı, 8 gümüş və 13 bürünc medala da sahib çıxıb. 12 qızıl, 10 gümüş və 5 bürünc medalla Almaniya millisi komanda hesabında 2-ci, 9 qızıl, 4 gümüş və 2 bürünc medalla Çin yığması 3-cü yeri tutub. Yeri gəlmişkən, 32 medal qazanan Rusiya millisi bu göstəricidə Norveçdən sonra 2-ci yerə sahib çıxsa da, qızıl medalın sayına görə Olimpiadanı 9-cu sırada başa vurub.