Pekin Olimpiadasında mübarizə sona yaxınlaşır. 4 illiyin zirvə yarışının 14-cü günündə 5 medal dəsti uğrunda mübarizə qeydə alınıb. Qadın fristaylçılarının ski-hafpayp yarışında çinli idmançı Eylin Qu 95,25 balla Pekin Olimpiadasında ikinci qızıl medalını qazanıb. 18 yaşlı idmançı doğma publika qarşısında biq-eyr yarışında qızıl, sloupstaylçıların mübarizəsində isə gümüş medala sahib çıxmışdı. Kişi fristaylçıların ski-kross yarışında isə isveçrəli Rayan Reges karyerasında ilk dəfə olimpiya çempionu olub.

Qadın biatlonçuların mass-start yarışında isə Pxençxan Olimpiadasının bürünc mükafatçısı Jüstin Breza-Buşe fəxri kürsünün ən üst pilləsinə qalxıb. Fransalı idmançı finiş xəttini 40 dəqiqə 18 saniyəyə keçib. Kişilərin mass-start yarışında isə Norveç millisinin aparıcı üzvlərindən olan Yohannes Bö uğur qazanıb. 15 km məsafəni 38 dəqiqə 14,4 saniyəyə qət edən 12 qat dünya çempionu karyerasında 5-ci dəfə olimpiya çempionu olub.

Kişilərin 1000 metr məsafəyə konkiqaçışı yarışında isə niderlandlı Tomas Krol 1 dəqiqə 7,92 saniyəlik göstərici ilə rəqiblərini qabaqlayıb. Pekində ilk qızıl medalını qazanan 3 qat dünya çempionu bir neçə gün əvvəl 1500 metr məsafəyə qaçış yarışında gümüş medala sahib çıxmışdı.

Nəhayət kişilər arasında xokkey yarışının finalçıları da məlum olub. Həlledici mərhələdə Finlandiya yığmasıyla Rusiya millisi üz-üzə gələcək. Finlər yarımfinalda slovakiyalıları 2:0 hesabıyla məğlub edib. Rusiya – İsveç oyunu isə 1:1 hesabı ilə başa çatıb. Bullitlərdə daha dəqiq oynayan şimal qonşularımız tarixində ilk dəfə ardıcıl 2-ci dəfə Olimpiadanın finalına yüksəlib.