Pekin Olimpiadasında mübarizə sona yaxınlaşır. Qış Olimpiya oyunlarının 13-cü günündə azarkeşlər 6 medal dəsti uğrunda mübarizənin şahidi olub.

Qadın dağ xizəkçilərinin superkombinasiya yarışında Pxençxan Olimpiadasının qalibi Mişel Gizen növbəti dəfə çempion olub. İsveçrəli idmançı finiş xəttini 2,25 saniyəyə keçib. O, bir neçə gün əvvəl superqiqant yarışında da bürünc medal qazanmışdı.

Qadınlar arasında fristayl yarışının ski-kross növündə isveçli Sandra Neslund karyerasında ilk dəfə olimpiya çempionu olub.  Qadınların 1000 metr məsafəyə konki qaçışı yarışında yaponiyalı Mixo Takaqi 1 dəqiqə 13,19 saniyəlik nəticə ilə karyerasında ikinci dəfə Olimpiada qızıl medal qazanıb.  Maraqlıdır ki, Takaqi 500, 1500 metr məsafəyə qaçış və komanda yarışında gümüş mükafata sahib çıxmışdı. Xizək ikinövçülüyünün estafet yarışında Norveç millisi 50 dəqiqə 45 saniyəlik nəticə ilə fəxri kürsünün üst pilləsinə qalxıb.

Yeri gəlmişkən qadınlar arasında xokkey turnirinə də yekub vurulub. 4 il əvvəl Pxençxanda final görüşündə Amerika Birləşmiş Ştatları yığmasına 2:3 hesabıyla məğlub olan Kanada millisi bu dəfə rəqibini eyni hesabla məğlub edərək tarixində 5-ci dəfə olimpiya çempionu olub.