UEFA Avropa Liqasının pley-of mərhələsində “Atalanta” doğma meydanda “Olimpiakos”la üz-üzə gəlib. A Seriyasında qeyri-sabit çıxışı ilə diqqət çəkən Apennin təmsilçisi ilk hissədə Tikinyo Soaresin qolu ilə hesabda geri düşsə də, fasilədən sonra Berat Djimsitinin 2 dəqiqə ərzində vurduğu 2 qolla qələbəni təmin edib. “Atalanta” – “Olimpiakos” 2:1.

İtaliyanın digər təmsilçisi “Latsio” isə Portuqaliyadan əliboş qayıdıb. Yerli “Portu” klubunun qonağı olan Maurissio Sarrinin komandası minimal fərqlə məğlub olub. Hesabı qonaqlar açıblar. Mattia Dzakanni “Latsio”nu önə keçirib. Bu, futbolçunun ardıcıl 2-ci oyunda 3-cü qoludur. Daha sonra “Portu”nun heyətində çıxış edən ispaniyalı Toni Martines dubl edərək komandasını 1/8 finala yaxınlaşdırıb. Qeyd edək ki, futbolçunun hər iki qolunun məhsuldar ötürməsini Joau Mariu edib. “Portu” – “Latsio” 2:1.

Günün sensasiyası isə Dormund şəhərində yaşanıb. Yerli “Borussiya” klubu Şotlandiya təmsilçisi “Reyncers”lə görüşüb. Covanni van Bronkhorstun çalışdırdığı kollektivin vurduğu 4 qola “Borussiya” Dortmund 2 qolla cavab verib. Meydan sahiblərinin heyətindən Cud Bellingem və Rafael Qereyro, qonaqlardan isə Ceyms Taverne, Alfredo Morelos və Con Landstrem fərqlənib. “Borussiya” Dortmundun müdafiəçisi Dan-Aksel Zaqadu isə avtoqolla yadda qalıb. “Borussiya” Dortmund – “Reyncers” 2:4.

Çempionlar Liqasında “Real”ı məğlub etməklə diqqət çəkən “Şerif” UEFA Avropa Liqasının pley-of mərhələsinə də qələbə ilə başlayıb. Moldova klubu öz meydanında “Braqa”dan üstün olub. Şerif futbolçuları matçın taleyini 2 qolla həll edib. Sebastian Til və Adama Traore fərqləniblər: “Şeriff” – “Braqa” 2:0.