Pekində keçirilən Qış Olimpiadasında 12-ci gün geridə qalıb. 8 medal dəsti uğrunda gedən mübarizədə azarkeşlər bir-birindən maraqlı anların şahidi olub. Kişi fristaylçıların sloupstayl yarışında amerialı Aleksander Holl 90,01 balla karyerasında ilk dəfə olimpiya çempionu olub. Kişi dağ xizəkçilərinin slalom yarışında isə fransalı Kleman Noel uğur qazanıb. O, finiş xəttini 1 dəqiqə 44,09 saniyəyə qət edib.
Qadın bialtonçuların estefet yarışı da maraqlı mübarizə şəraitində keçib. Finiş xəttini 1 saat 11 dəqiqə 3 saniyəyə qət edən İsveç millisi tarixində ilk dəfə bu kateqoriyanın qalibi olub. Maraqlıdır ki, son 4 Olimpiadada qadın biatlonçuların estafet yarışında postsovet məkanı ölkələrinin nümayəndələri uğur qazanırdı. Bu müddət ərzində Rusiya millisi iki, Ukrayna ilə Belarus yığmaları hərəyə bir dəfə fəxri kürsünün üst pilləsinə yüksəlmişdi.
Qadın xizəkçilərin sərbəst üslubda komanda sprinti yarışında Almaniyanı təmsil edən Katarina Henniq – Viktoriya Karl cütlüyü 22 dəqiqə 9 saniyəlik göstərici ilə Olimpiya çempionu olub. Qeyd edək ki, hər iki idmançı bir neçə gün əvvəl 4x5 km məsafəyə estafet yarışında gümüş medal qazanmışdı.
Kişi xizəkçilərin sərbəst üslubda komanda sprinti yarışında isə Erik Valnes və Yohannes Klebodan ibarət Norveç millisi qızıl medal qazanıb. Cütlük finiş xəttini 19 dəqiqə 22 saniyəyə qət edib. Yeri gəlmişkən, Valnes karyerasında 1-ci, Klebo isə 5-ci dəfə olimpiya çempionu olub. Yohannes bir neçə gün əvvəl Pekində fərdi sprint yarışında da rəqiblərini qabaqlamışdı.
Kişi fristaylçıların akroibatika yarışında isə çinli Quanpu Tsi 129 balla karyerasında ilk dəfə Olimpiya oyunlarında fəxri kürsünün üst pilləsinə qalxıb. Buna qədər isə 2 qat dünya çempionu doğma publika qarşısında qarışıq estafet yarışında gümüş medal qazanmışdı.
5000 metr məsafəyə kişi şort-trekçiılər arasında estafet yarışında isə 6 dəqiqə 41 saniyəlik göstərici ilə Kanada millisi Olimpiya çempionu olub. Qadın şort-trekçilərin 1500 metr məsafəyə qaçış yarışında isə isə cənubi koreyalı Çxoy Min Çon karyerasında 3-cü dəfə olimpiya çempionu olub.
Nəhayət hamının maraqla gözlədiyi kişi xokkeyçilər arasında ¼ final mərhələsi yekunlaşıb. Bu mərhələnin ən gözlənilməz nəticəsi Kanada millisinin 16 ildən sonra Olimpiadanı medalsız başa vurması oldu. Şimali amerikalılar yarımfinala gedən yolda İsveç millisinə 0:2 hesabıyla uduzub. Yarımfinalda İsveç millisi Rusiya yığması ilə qarşılaşacaq. Şimal qonşularımız ¼ finalda Danimarka seçməsini 3:1 hesabıya məğlub edib. Digər yarımfinal görüşündə isə Finlandiya ilə Slovakiya komandaları qarşılaşacaq. Finlər bu mərhələdə İsverçəni 5:1, slovaklar isə gözlənilmədən Amerika Birləşmiş Ştatları yığmasını 3:2 hesabıyla məğlub edib. Maraqlıdır ki, qadın xokkeyçilər arasında Finlandiya və İsveçrə milliləri 3-cü yer uğrunda görüşdə üz-üzə gəlib. Kişilərdə olduğu kimi qadınlarda da “Suomi” isveçrəliləri darmadağın edib – 4:0.