Pekində Qış Olimpiya oyunlarının 10-cü günündə idman həvəskarları 4 medal dəsti uğrunda mübarizə izləyib.  Fiiqurlu konkisürənlərin yarışı xüsusilə maraqlı alınıb. Rəqs növündə fransalı Qabrieal Papadakis – Qiyom Sizeron cütü 226,98 bal  toplayaraq olimpiya çempionu olub.  Qeyd edək ki, 4 qat dünya çempionları 4 il əvvəl Pxençxan Olimpiadasında bu növdə bürünc medal qazanmışdı. Bu dəfəki yarışda 220,51 balla rusiyalı Viktoriya Sinitsina ilə Nikita Katsapalov 2-ci, amerikalı Medison Habbellə Zaxari Donoxyu 3-cü yerə çıxıb.

Qadın bobsleyçilər arasında fərdi yarışda isə 4 dəqiqə 19 saniyəlik nəticə ilə amerikalı Keylli Hamfris  karyerasında 3-cü dəfə Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qadın fristaylçıların akrobatika yarışında çin idmançısı Syuy Mentao 108,61 bal toplayaraq nəhayət ki, karyerasında ilk dəfə olimpiya çempionu olub. Buna qədər 31 yaşlı idmançı Soçi və Pxençxan Olimpiadalarında gümüş medala yiyələnmişdi.

Kişilər arasında tramplindən komanda şəklində tullanma yarışında 942,7 balla Avstriya millisi çempion olub. Sloveniya yığması gümüş, Almaniya seçməsi bürünc medal əldə edib.

Qadın xokkeyçilər arasında yarımfinal görüşləri keçirilib. Kanada millisi İsveçrə yığmasını 10:3 hesabıyla məğlub edərək finala çıxıb.  Həlledici görüşdə kanadalılar Finlandiya seçməsini 4:1 hesabıyla üstələyən Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaqlar.