Pekin Olimpiadasında mübarizə davam edir. 4 illiyin zirvə yarışının 9-cu günündə azarkeşlər 7 medal dəsti uğrunda mübarizənin şahidi olub. Günə kişi dağxizəkçilərinin nəhəng slalom yarışı ilə start verilib. 24 yaşlı isveçrəli idmançı Marko Odermatt 2 dəqiqə 9 saniyəlik nəticə ilə karyerasında ilk dəfə olimpiya çempionu olub.
Kişi xizəkçilərinin estafet yarışında isə Rusiya millisi finiş xəttini 1 saat 54 dəqiqə 50 saniyəyə qət edərək Olimpiadanın qızıl medalını qazanıb. Xatırladaq ki, bu, müstəqillik dövründə kişilərdən ibarət Rusiya millisinin estafet yarışlarında ilk qələbəsidir.
Qadın biatlonçuların izləmə yarışında norveçli Marte Röyseland finiş xəttini 34 dəqiqə 46 saniyəyə keçərək Pekində 3-cü qızıl medalını qazanıb. 11 qat dünya çempionu buna qədər qarışıq estafet və 7,5 km məsafəyə qaçış yarışında da rəqiblərini qabaqlamışdı.
Kişi biatlonçuların izləmə yarışında isə 39 dəqiqə 7 saniyəlik nəticə ilə fransalı Kenten Fiyon Maye çempion olub. 29 yaşlı ikiqat dünya çempionu Pekində 20 km məsafəyə qaçış yarışında da fəxri kürsünün üst pilləsinə qalxmışdı.
Qadın şort-trekçilərin 3000 m məsafəyə estafet yarışında Niderland millisi olimpiya çempionu olub. Beləliklə də, zambaqlar ölkəsinin qadın nümayəndələri bu kateqoriyada Şimali Koreya yığmasının hegemonluğuna son qoyaraq Olimpiadalar tarixdə ilk dəfə çempionluq sevinci yaşayıb.
Kişilər arasında 500 metr məsafəyə qaçış yarışında isə macarıstanlı Lyu Şaoanq finiş xəttini 40,33 saniyəyə keçərək karyerasında 2-ci dəfə olimpiya çempionu olub. 2 qat dünya çempionu 4 il əvvəl Pxençxan Olimpiadasında estafet yarışının nəticəsinə əsasən qızıl medalı boynundan asmışdı.
Konkisürən qadınlar arasında 500 metr məsafəyə qaçış yarışında isə 37,04 saniyəlik göstərici ilə amerikalı Erin Cekson çempion olub.
Kişi xokkeyçilər arasında A və C qruplarının oyunları yekunlaşıb. A qrupunda Amerika Birləşmiş Ştatları millisi Almaniya yığmasını 3:2, Kanada seçməsi isə Çin komandasını 5:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. C qrupunda isə Finlandiya İsveçi 4:3 hesabıyla üstələyib. Məğlubiyyətə baxmayaraq, isveçlilər də finlər kimi növbəti mərhələyə yüksəlib. Slovakiya millisi isə Latviya yığmasından 5:2 hesabıyla üstün olub.