Pekində Qış Olimpiya oyunları davam edir. 4 illiyin zirvə yarışının 7-cü günündə azarkeşlər 7 medal dəsti uğrunda mübarizənin şahidi olub.
Günə kişi snoubordçular arasında hafpayp yarışı ilə start verilib. 2014-cü ildə Soçi, 4 il əvvəl isə Pxençxan Olimpiadasında məhz bu növdə gümüş mükafat qazanan yaponiyalı Ayumi Xirano 96 bal toplayaraq nəhayət ki, arzuladığı qızıl medala qovuşub.
Qadın dağxizəkçilərin superqiqant yarışında isə isveçrəli Lara Qut-Behrami 1 dəqiqə 13 saniyəlik göstərici ilə karyerasında ilk dəfə olimpiya çempionu olub. Qeyd edək ki, 30 yaşlı 2 qat dünya çempionu 2 gün əvvəl qiqant slalom yarışında bürünc medal qazanmışdı.
Kişilər arasında 15 km məsafəyə klassik üslubda qaçış yarışında finlandiyalı xizəkçi İyvo Niskanen 37 dəqiqə 54 saniyəlik nəticə ilə olimpiya çempionu olub. 30 yaşlı xizəkçi bir neçə gün əvvəl skiatlon yarışında bürünc medal qazanmışdı. Amma Niskanen 2014-cü ildə sprint, 2018-ci ildə Pxençxanda km məsafəyə qaçış yarışında qızıl medala sahib çıxmışdı.
Kişilər arasında 10 metr məsafəyə qaçış yarışında isveçli konkisürən Nils van der Pul finiş xəttini 12 dəqiqə 30 saniyəyə keçərək Pekində ikinci qızıl medalını qazanıb. O, bir neçə gün əvvəl 5 min metr məsafəyə qaçış yarışında da rəqiblərinə heç bir şans verməmişdi.
Biatlon üzrə dünya kubokunun şəxsi birincilikdə lideri norveçli Marte Röyseland nəhayət ki, Pekində fərdi yarışda qızıl medal qazanmağı bacarıb. Qarışıq estafet yarışında fəxri kürsünün üst pilləsinə qalxa 11 qat dünya çempionu sprintdə finiş xəttini 20 dəqiqə 44 saniyəyə qət edib.
Qadın şort-trekçilərin 1000 metr məsafəyə qaçış yarışında niderlandlı Süzanne Sxültinq 1 dəqiqə 28 saniyəlik göstərici ilə qızıl medal qazanıb. Xatırladaq ki, 24 yaşlı idmançı 4 il əvvəl Pxençxan Olimpiadasında da bu yarışda rəqiblərini qabaqlamışdı.
Kişi skeletonçuların mübarizəsində isə 4 dəqiqə 1 saniyəlik göstərici ilə almaniyalı 4 qat dünya çempionu Kristofer Qrotxer karyerasında ilk dəfə Olimpiadada qızıl medala yiyələnib.
Kişilər arasında xokkey yarışında 2-ci turun oyunları keçirilib. A qrupunda Rusiya millisi Danimarka yığmasını 2:0, Çexiya komandası isə İsveçrə seçməsini 2:1 hesabı ilə məğlub edib. C qrupunda İsveç Slovakiyanı 4:1, Finlandiya Latviyanı 3:1 hesabı ilə üstələyib. Qadın xokkeyçiləri arasında 1/4 final mərhələsində isə Kanada millisi İsveçrə yığmasını 11:0, Amerika Birləşmiş Ştatları seçməsi isə Çexiya komandasını 4:1 hesabıyla məğlubiyyətə uğradıb.